“Vəli” kəlməsi (2)
Müasir
dövrümüzdə həqiqəti bildikləri halda gizlədən insanlarla çox qarşılaşdığımız
kimi tarix səhifələri də belə şəxslərin mövcud olmuş vücudlarına və fəsad dolu əməllərinə
şahidlik edir. Haqqı qəsb olunmuş və barəsindəki həqiqətlərin tam əksinin
yayılmasına kifayət qədər səy göstərilmiş İmam Əlinin(ə) adı ilə əlaqədar tarixə
bir çox yalançı və haqqı ört-basdır edən şəxslərin ismi yazıldı. Şahlar və
onların əlaltıları İmam Əlinin(ə) adını pis çıxartmaq üçün gecələrini gündüzə
qatdılar. Xəzinə anbarlarının qıfılları açıldı, muzdur və casuslar köklü fəaliyyətə
başladı. Əlinin(ə) üstün cəhətləri gizlədildi, yalnız ona məxsus olmuş əxlaqi fəzilətlər
insafsızcasına onun düşmənlərinə nisbət verildi, Əlinin(ə) barəsində yalançı şəxslər
uydurma rəvayətlər qondardı, bütün bunlar və daha nə qədər rəzil işlər müsəlmanlar
arasında yayıldı. Lakin Allahın nurunu üfürməklə aradan apara bilmədilər. Çünki
İmam Əli(ə) islam Peyğəmbərinin(s) can qardaşı, Allahın sarsılmaz ipi və möminlərə
təyin etdiyi nümunəvi rəhbər idi. Onun haqqında gizlədilməyə səy göstərilmiş və
bu səyin nəticə vermədiyi fəzilətlərdən biri də İmam Əlinin(ə) Peyğəmbər(s) tərəfindən
möminlərə Xum adlanan yerdə "vəli (biz şiələrə görə rəhbər)” təyin olunması
idi. Minlərlə müsəlmanın qarşısında baş vermiş hadisəni necə gizlətmək
olardıaxı? 10 və ya 100 nəfəri mükafat, bəxşiş və bu kimi şeylərlə danışmaqdan
saxlamaq olardı və zatən əməvi sultanları bunu bacarmışdı, amma müxtəlif məntəqələrdən
olan minlərlə müsəlmanınsusmasına heç kimin gücü çata bilməzdi. Üstəlik nəzərə
alsaq ki, bu həqiqəti gələcək nəsillər üçün uca Allah Özü qoruyub saxlayırdı və
Əlinin(ə) mübarək adı qəlblərə həkk olmuşdu, bundan sonra əməvilərin bütün cəhdləri
səmərəsizliyə məhkum idi. Nəticə olaraq unutdurmağı bacarmayan şərəfsiz əməvi fəalları
mənaları dəyişməyə və təvil etməyə başladılar. Ərəb sözlərinin təvil üçün
münasib olmağı və həmin dövrün müsəlman cəmiyyətinin süstlüyü əməvilərə çox
böyük kömək oldu. Onlar "vəli” kəlməsinin rəhbər yox, dost və bu kimi mənalara
gəldiyini önə çəkdilər və islam Peyğəmbərinin(s) minlərlə səhabənin qarşısında
söyləmiş olduğu -"Mən kimin mövlasıyamsa (vəlisiyəmsə), Əli də onun
mövlasıdır”- cümləsindəki vəli sözünün mənasını təhrif etdilər. Üməyyə
oğullarının təbliğatı müsəlman ictimasına möhkəm təsir qoydu və biz onun nəticəsini
indi də bəzi islami məzhəblərin batil əqidəsindəmüşahidə edirik. İmam Əlinin(ə)
əziz islam Peyğəmbərindən(s) sonra yeganə layiqli canişin olduğunu sabit etmək
üçün hamıya məlum olan "qədir” hədisinə istinad etdiyimiz zaman məhz əməvilərin
ortayaatmış olduğu fikirlərlə qarşılaşırıq. Hal-hazırda da əhli-sünnə
qardaşlarımız tərəfindən səsləndiyini nəzərə alaraq bu başıbəlalı "vəli” kəlməsinin
mənası üzərində kiçik bir araşdırma aparaq. Biz
şiələrə görə "vəli” kəlməsi lüğəvi cəhətdən 30-a yaxın mənaya sahib olsa da, bu
söz dini mətnlərdə və məşhur qədir hədisində də xüsusi mənada işlənmişdir.
Ümumiyyətlə dini mətnlərdə və islam Peyğəmbərinin(s) hədislərində "vəli” kəlməsinin
dost və bu kimi mənalarda işləndiyinə dair bircə misal belə gətirmək çox çətin
işdir. Biz də öz dəlillərimizi bu cəhətdən gətirəcək və 4 yöndən ( Quran, sünnə,
şəriət və ağıl baxımından) "mövla və vəli” kəlmələrinin (hər ikisi eyni kökdəndir
və eyni mənadadır) rəhbər mənasında işləndiyini göstərəcəyik. Allah qəlbimizi
haqqın nuru ilə işıqlandırsın. Hədisin
isnadı: Hədis
elmlərindən və "dirayə” fənnindən xəbərdar olan hər bir şəxs çox yaxşı bilir
ki, "xəbəri-vahid” adlanan və "əhəd” hədis kimi dəyərləndirilən rəvayətin sənədi
araşdırılıb qiymətləndirilir. "Xəbəri-vahid və əhəd” hədislər, yalnız bir və ya
bir neçə səhabə tərəfindən nəql olunmuş rəvayətlərdir. Lakin müəyyən hədisi nəql
edən səhabə və ravilərin sayı artdıqca, həmin hədis "xəbəri-vahid və əhəd”
qismindən uzaqlaşmağa və "mütəvatir” rəvayətlər növünə yaxınlaşmağa başlayır. Bəzən
10 səhabədən müxtəlif sənədlə gələn eyni hədis mühəddis və tədqiqatçıların nəzərində
mütəvatir qisminə daxil olur. Bəzən bu say bir qədər də yüksəlir. Lakin 10, 15
və ya 20 səhabənin nəql etdiyi hədisə şübhə ilə yanaşmaq mümkündürsə də məşhur
"qədir” hədisini bu cür dəyərləndirmək imkan daxilində deyildir. Çünki bu hədis
110 nəfər səhabə və 89 nəfər tabein tərəfindən nəql olunmuşdur. 3000-dən çox hədis
və tarix alimi də bu hədisi öz kitabında qeyd edib. Belə olduğu halda hədisin sənədini
araşdırmağa ehtiyac qalmır və bu rəvayətin səhihliyinə heç bir şübhə edilmir.
Çünki atılan bu addım hədis elmlərində sabit olan bir qaydadır və insanın gündəlik
həyatındakı rəftarı da onu təsdiqləyir. Qurani-Kərim
baxımından "vəli” kəlməsi: Uca
Allahın islam Peyğəmbərinə (s) nazil etdiyi sonuncu səmavi kitabımız olan müqəddəs
Qurani-Kərimdə "vəli” kəlməsi əsasən Allah-təalanın Özünə nisbət işlədilib: " Və əgər onlar üz döndərsələr, bilin ki,
Allah sizin vəlinizdir. O nə gözəl vəli və nə gözəl yardımçıdır (Ənfal surəsi
40)”. Hər
bir ağıllı və təəsübdən uzaq olan insan rahatlıqla başa düşür ki, uca Allaha
aid edilən "vəlilik və vilayət məqamı” dostluq mənasından daha çox rəhbər,
baçşı və ixtiyar sahibi mənasına uyğun gəlir. Digər ayədə (Bəqərə surəsi 107)
belə buyurulur: "Məgər
göylərin və yerin mülkiyyətinin Allaha məxsus olduğunu bilmirsən?! Və sizin
Ondan başqa heç bir vəli və yardımçınız yoxdur (məgər bunu bilmirsən?)”. Şübhə yoxdur ki, " sizin Allahdan başqa
heç bir vəliniz yoxdur” deyildiyi zaman hər bir insanın zehninə ilk öncə rəhbər
və ixtiyar sahibi mənaları gəlir. Çünki ayədə yer və göyün mülkiyyətinin Allaha
mənsub olduğu bildirildikdən sonra Onun bizim vəlimiz olması önə çəkilir. Mütləq
mülk sahibi və həqiqi yardımçı olan Allahın bizim üzərimizdəki vilayəti, məgər
dostluq kimi başa düşülməlidir?!Yəni uca Allahla insanın münasibəti dostluq çərçivəsində
tənzimlənir, yoxsa itaət və ibadət dairəsində?! Allahla bizim münasibətimiz ağa
və qul münasibəti kimi deyildirmi? Əgər belədirsə "vəli” kəlməsi niyə bu mənada
deyil, başqa bir mənada anlaşılır?! Sözsüz ki, vilayət məqamı hər şeyin xaliqi
və rəbbi olan Allaha nisbət verilirsə bu vəlilik dostluq deyil, başçılıq və rəhbərlik
mənasında anlaşılmalıdır. "Qədir”
hədisinin özündə də "vəli” kəlməsinin rəhbər mənasına gəldiyini təsdiqləyən
açıq-aşkar bir dəlil vardır. Bu möhkəm dəlil Allah rəsulunun(s) "Mən kimin
mövlasıyamsa, Əli də onun mövlasıdır” buyuruğundan qabaq mühüm bir nöqtəyə işarə
etməsi idi. Belə ki, o həzrət(s) ilk öncə "Həqiqətən Allah mənim mövlamdır və mən
də bütün möminlərin vəlisiyəm” buyurdu və sözü gedən ilahi vilayətə toxunduqdan
sonra Əlinin də hamıya vəli olduğunu açıqladı. Məgər Peyğəmbərin(s) müsəlmanlar
üzərindəki vilayəti ona göstərilməli olan itaətlə birgə deyildimi?! Yəni əziz
Allah rəsulu (s) müsəlmanların rəhbəri yox, yalnız dostu idi ki, bu hədisdəki vəli
kəlməsi rəhbər mənasında anlaşılmasın? Xeyr, qətiyyən belə deyil və Quran ayələri
də şahiddir ki, Peyğəmbər(s) möminlərə onların özlərindən daha çox ixtiyar
sahibi idi. Əhzab surəsinin 6-cı ayəsi "ovla (daha çox vilayət sahibi)” kəlməsini
Peyğəmbər(s) haqqında işlətməklə onun vəliliyinin necə böyük və əhatəli
olduğunu göstərir: "Peyğəmbər
möminlərə onların özlərindən daha çox vəlidir (layiqdir və ixtiyar
sahibidir)...”. Bu ayə açıq-aşkar şəkildə Allah rəsulunun
(s) vilayətinə və onu bizim ixtiyar sahibimiz olduğuna dəlildir. Yəni əziz Peyğəmbərimizin(s)
hər bir istəyi bizim şəxsi arzularımızdan öndədir. Çünki o həzrətin (s) istəkləri
ilahi buyuruqlara əsaslanır və heç vaxt şəxsi mənafeyə söykənmir. Nəticə
etibarı ilə Qurani-Kərimə əsasən Allah rəsulu(s) bizim ixtiyar sahibimiz və elə
bu mənada da vəlimizdir. "Qədir” hədisində Peyğəmbərin (s) buyurduğuna əsasən də
İmam Əli (ə) bütün möminlərin məhz qeyd etdiyimiz mənada vəlisidir. Bu vilayət
isə itaət və şəxsi istəkləri kənara qoyaraq tabeçilik mənasındadır! Çünki söhbətini
etdiyimiz vəlilik məqamı ilk öncə aləmlərin yaradıcısı olan Allaha nisbət
verilirdi. Şübhə yoxdur ki, itaət və tabeçiliyi şərtləndirən bu vilayət uca
Allahda birbaşa sabitdir. Əziz Allah rəsulu (s) və İmam Əli (ə) də isə birbaşa
olmayıb uca Allahın iradəsi ilə bağlıdır. Bir nöqtəyə də toxunmaq yaxşı
olardı ki, Qurani-Kərim dost mənasını ifadə etmək üçün əsasən "sahib” kəlməsini
işlədilib. Qarşıdaki 3 ayəyə baxdığımız zaman bunu açıq-aşkar görürük: "...Hər
ikisi o mağarada olduqları vaxt və o, öz
sahibinə (dostuna) " qəmlənmə, Allah bizimlədir” dediyi zaman Allah ona kömək
etdi (Tövbə surəsi 40)”. "(
Yusuf dedi:) Ey mənim iki zindan dostum, çoxlu və pərakəndə bütlər yaxşıdır,
yoxsa tək və hakim olan Allah? ( Yusuf surəsi 39)”. "And
olsun çıxmaqda və batmaqda olan ulduza ki, sizin dostunuz nə yolundan çıxmışdır
və nə də azmışdır ( Nəcm surəsi 1-2)” "Sahib”
kəlməsi mövcud olduğu halda və Qurani-Kərimdə açıq-aşkar dost mənasına gəldiyi
bir durumda əziz islam Peyğəmbərinin (s) məhz "vəli” sözünü seçməsi heç də məqsədsiz
olmayıb. Əgər bura qədər "vəli” kəlməsinin haqqında Qurana istinad edərək
dediyimiz həqiqətləri də nəzərə alsaq o halda Allah rəsulunun(s) bu sözü belə
xüsusi bir şəraitdə və minlərlə müsəlmanın qarşısında səbəbsiz yerə söyləmədiyi
anlaşılır. Sünnə baxımından "vəli” kəlməsi:
İslam Peyğəmbərinin (s) Əli(ə) haqqındaki hədislərinə və imamın(ə) fəzilətləri
haqqında buyurduqlarına baxdığımız zaman "vəli” kəlməsinin də hansı mənaya gələ
biləcəyi məlum olur. Əgər "yovmud-dar”, "mənzilət” və bu kimi hədisləri nəzərdə
saxlasaq "qədir” hədisindəki "vəli” kəlməsinin də ixtiyar sahibi və ilahi rəhbər
mənasına gəldiyi başa düşüləcək. Tək-tək bu hədisləri gözdən keçirək. "Yovmud-dar” hədisi: Besətin başlamasından 3 il sonra Allah-təala
Peyğəmbərə(s) öz dəvətini aşkar şəkildə xalqa çatdırmasını əmr etdi və o həzrət
(s) də Bəni-Haşim tayfasının böyük şəxsiyyətlərini dəvət edərək bir məclis
keçirdi. Həmin məclisdə o həzrət (s) belə buyurdu: "Mən sizin üçün
dünya və axirət xeyrini gətirmişəm. Allah mənə əmr etmişdir ki, sizi Ona tərəf
dəvət edim. Sizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər?
Bilin ki, hər kəs mənə kömək etsə, məndən sonra sizin içərininzdə mənimcanişinim
və vəsim olacaq”. Allah rəsulu
(s) bu sözü 3 dəfə təkrar etdi və hər dəfə də yalnız Əli (ə) ona yardım etməyə
hazır olduğunu elan etdi. Məhz bu vaxt Peyğəmbər (s) buyurdu: "Bu mənim
qardaşım, sizin içərinizdə mənim canişinim və xəlifəmdir”.
Bu hədisi Əhməd ibn Hənbəl öz "Musnədində ( 1-ci cild 159 səh)” və Təbəri
də özünün həm təfsir ( 19-cu cild 74-75 səh), həm də tarix kitabında ( 2-ci
cild 406 səh) gətirmişdir. "Mənzilət”hədisi:Əziz islam Peyğəmbəri
(s) müxtəlif yerlərdə İmam Əlinin (ə) özü ilə müqayisədə olan məqam və mənzilətini
Musa peyğəmbərlə Harunun mübasibətinə bənzətmiş və Harunun yalnız peyğəmbərlik
səlahiyyətinin Əlidə (ə) olmadığını bəyan etmişdi. Belə ki, o həzrət (s) buyurmuşdu: "
Ya Əli, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir. Bircəfərq
vardır ki, bu da məndən sonra heç bir peyğəmbərin gəlməyəcəyidir”.
Mənzilət hədisini əhli-sünnənin böyük mühəddisləri Buxari və Müslim özlərinin
səhih adlandırdıqları kitablarının "Həzrət Əliyə (ə) məxsus fəzilətlər” babında
gətirmişdir. Bu hədisin sənədində heç bir şübhə yoxdur. Sadəcə vaxtı ilə əməvilərin
ortaya atmış olduğu və tərəddüd yaratmağa yönəlmiş fikirlər vardır ki, onlardan
bəzilərini bu gün bəzi müsəlman firqələri də səsləndirirlər. Əməvilər bəzən bu
hədisin yalnız bir yerdə söyləndiyini və xüsusi şəraitə aid olduğunu bildirir,
bəzən də bu hədisin ümumiyyətlə Əlinin (ə) canişinlik məqamına dəlil olmadığını
söyləyirdilər. Biz isə mənzilət hədisi üzərində xüsusi araşdırma aparmadığımıza
görə yalnız Qurani-Kərimdən dəlil gətirərək Harunun Musaya hansı nisbətdə
olduğunu göstərmək istəyirik. Taha surəsinin 25-ci ayəsindən başlamış 37-ci ayəyə kimi olan nöqtələrə diqqət edək: ("(Musa) dedi: Ey Rəbbim, sinəmi genişləndir, işimi mənə asanlaşdır və
dilimdən düyünü aç ki, sözümü başa düşsünlər. Ailəmdən mənə bir vəzir və
yardımçı ver. Qardaşım Harunu. Arxamı onunla möhkəmləndir və onu mənim işimə şərik
et ki, Səni pak sifətlərlə çox yad edək və pak bilib çox zikr edək. Çünki sən
bizi həmişə görürsən.(Allah) buyurdu:Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə
verildi”. Gətirilən yuxarıdakı ayəyə əsasən Harun peyğəmbər
Musanın (ə) həm vəziri, həm dayağı və həm də risalət işində onun şəriki idi.
Deməli Əli (ə) da islam peyğəmbərinin (s) həm vəziri, həm dayağı və həm də o həzrətin
(s) şəriki idi. Bu məqam isə açıq-aşkar canişinlik deməkdir! Qeyd
etdiyimiz bu iki rəvayətdən əlavə bir çox başqa hədislər də vardır ki, Əlinin (ə)
üstün cəhətlərinə və vilayət məqamına ayrı-ayrı dəlillərdir. Onlardan yalnız
birinəişarə edib mövzumuzun əsas nöqtəsi olan "vəli” kəlməsi ilə bütün bu hədislərin
uyğun tərəfinə qayıdacayıq.Əziz Peyğəmbərimizin (s) " O, məndən sonra bütün
möminlərin vəlisidir” deməsi, əhli-sünnə kitablarında çox nəql olunmuşdur. Əhməd
ibn Hənbəl öz "Musnədinin” 4-cü cildinin 439-cu səhifəsində, Nəsai özünün "Xəsaisul-Ələviyyə”
kitabının 86 və 87-ci hədislərində, Hakim Nisaburi öz "Müstədrək” kitabının
3-cü cildinin 111-ci səhifəsində və ibn Həcər Əsqəlani də "Əl-İsabə” kitabında
Əlinin (ə) şərhi-halında bu hədisi gətirmişdir. "Min bədi (məndən sonra)” qeydi,
hədisdə işlənmiş "vəli” kəlməsinin də hansı mənaya gəldiyini açıqlayır. Sözsüz
ki, əziz Allah rəsulu(s) bu qeydi boş yerə gətirməmişdi və bu qeydin "vəli” kəlməsində
sonra işlənməsi məqsədli idi. Başıbəlalı kəlmənin müxtəlif yerlərə yozulacağı
ilahi xəbərlər sayəsində Peyğəmbərə (s) əyan olduğu üçün bu qeydi də (məndən
sonra) gətirir və bununla da bütün höccət bizə tamam olur. Əgər vəli sözünü
dost mənasında anlasaq, bu dostluğun vacibliyini Allah rəsulunun (s) dünyada
olub-olmaması ilə necə əlaqələndirəcəyik? Məgər Əlini (ə) dost tutmaq yalnız
Peyğəmbərdən (s) sonraya aid idi? Əlinin (ə) möminlərin vəlisi olduğunu dəfələrlə
söyləmiş Allah rəsulunun (s) bu hədisdə "min bədi” qeydini gətirməsinə nə
ehtiyac var idi k? Zatən Qurani-Kərim, möminlərin bir-birinə qardaş olduğunu bəyan
etmişdi. Bundan sora Allah rəsulunun (s) dəfələrlə Əlini (ə) möminlərin vəlisi
kimi tanıtması və hətta "məndən sonra” qeydini də işlətməsi rəhbərliyə və
başçılığa dəlil deyildirmi?! Üstəlik nəzərə alsaq ki, Əli (ə), barəsində
"yovmud-dar” və "mənzilət” hədisləri söylənmiş insan idi və həmin hədislərdə
birbaşa o həzrətin (ə) canişinlik məqamına işarə edirdi, artıq, həqiqət ağıl
sahibləri və təəssübkeş olmayan hər bir kəs üçün günəş işığı kimi aydın olur.
Müəllif: Rza Əliyev
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın