Shia.az SonUmidTv media
sitename

Əbu Hureyrənin əvvəli və sonu:2

2) Zəhəbinin də qeyd etdiyi, eyni zamanda demək olar ki, bütün rical və tarixçi alimlərin bildirdiyinə əsasən Əbu Hureyrə müsəlmanlara qoşulub islamı qəbul etmək üçün Mədinəyə gəldiyi ilk dönəmlərdə çox kasıb olmuş və hətta bu kasıbçılıq gündəlik yemək təlabatını belə ödəyə bilməyəcək həddə qədər yüksəlmişdi. Bəzi mənbələrdə qeyd olunur ki, Əbu Hureyrə aclığın ona verdiyi əziyyəti aradan qaldırmaq üçün ikinci xəlifəni (Peyğəmbər (s) zamanında) evinə getməkdə olduğu yol boyunca müəyyən bir ayənin izahı ilə bağlı sorğu-suala tutardı və belə etməsinin səbəbi də xəlifənin öz evinə çatdığı zaman bəlkə onu dəvət edib yemək verməklə qarnını doyuracağı ümidi idi. Bəzən onun yolun kənarında oturaraq (və ya yarımçıq uzanaq) özünü acından qəşş etmiş kimi göstərməsi də nəql olunub. Maraqlı olan digər bir fakt barədə isə Zəhəbi belə yazır:

"Süleyman ibn Həyyan atasından, o da Əbu Hureyrədən belə nəql edir ki, (o bu cür deyərmiş) mən yetim böyümüşəm, miskin halda hicrət etmişəm, binti-Ğəzvana (Ğəzvanın qızına) bir qarın yemək üçün nökərlik etmişəm...”[1]

Bəli, həqiqət budur ki, Əbu Hureyrə iman gətirmiş olduğu və Peyğəmbərimizin (s) rehlətinə yalnız 3 il qaldığı heç də böyük hesab olunmayan bir müddətdə nökərçilik belə etmişdir. Onun nökərçilik etməsinin 2 fərqli təhlil və yönü vardır ki, onun birincisi hal-hazırda üzərində durduğumuz məsələdir. Yəni, Əbu Hureyrə bir qarın toxluğuna səbəb olacaq yemək üçün nökərçilik etmişdir. Nökər olmaq eyb hesab olunmur və nə insani, nə də dini cəhətdən nökərçilik etməyin heç bir maneəsi yoxdur. Lakin, kasıb olmaq, aclığı şiddətli şəkildə dadmaq və nökərçilik etmək, şübhəsiz ki, müəyyən psixoloji həqiqətlərdən xəbər verir. Həmin həqiqətlər ki, insanın mənəvi halına və ixlaslı niyyətinə təsirsiz ötüşmür. Heç bir şəkk və tərəddüd yoxdur ki, məhrumiyyət insan övladında hərislik yaradır və dinimizin də əxlaqi göstərişlərində bizə öyrədildiyi kimi əgər insan öz nəfsində baş qaldırmış hərisliyin qarşısını almağa çalışmazsa, bu hal sonda həmin şəxsin mənəvi süqutuna səbəb olacaq. Əbu Hureyrənin niyyətinə qaldıqda isə özünün də etiraf etdiyinə əsasən, o, bir qarın yemək üçün Allah rəsulunun (s) yanında olmuş və bunun sayəsində də o həzrətdən (s) hədislər eşitmişdir.

Əbu Hureyrə "əshabi-siffədən” idi. "Əshabi-siffə” Allah rəsulunun (s) tikdirdiyi məsciddə (məscidun-nəbi) bir kənarda qalıb yaşayan, Mədinədə nə məskənləri və nə də qohum-əqrabası olmayan bir qrup fəqir səhabələrə verilmiş xüsusi addır. Peyğəmbərimiz (s) məscidin şimal divarı tərəfdə xurma budaqları ilə bir kölgəlik və çardağ yaratdı. Buna Siffə deyilirdi. Evi və ailəsi olmayan yoxsul səhabələr orda qalardı. Elə həmin səbəbə görə də onlara "əshabi-siffə” və ya "əhli-siffə” adı verilmişdi. İçlərindən evlənən (təbii ki, ya Peyğəmbərin (s), ya da hansısa zəngin səhabənin köməyi ilə), səfərə çıxan, bir başqa yerə yerləşən və ya dünyasını dəyişənlər olduğu zaman sayları dəyişirdi. Onların sayı haqqında isə müxtəlif rəqəmlər qeyd olunmuşdur ki, bu da yetmişlə üç yüz dörd yüz arasında dəyişir. Onların fəqir və kimsəsiz durumu əziz Allah rəsulunun (s) həmişə nəzərində idi. Peyğəmbərimizə (s) sədəqə gətirildiyi zaman o həzrət (s) həmin şeyləri çox vaxt əshabi-siffəyə göndərərdi. Hətta, son dərəcə əliaçıq və səxavətli olan o həzrət (s) onun özünə şəxsən verilmiş hədiyyənin və hədiyyələrin də bir hissəsini götürdüyü halda yerdə qalan digər hissəsini siffə əhli olan səhabələrə göndərirdi. Deyilənlər əshabi-siffədən olanların necə çətin şəraitdə həyat yaşadıqlarından xəbər verir. Eyni halda Əbu Hureyrənin də islama gəldiyi ilk illərdə nə cür dolandığından bizi agah edir. Həqiqətən, Əbu Hureyrə aclıq və səfalətin nə olduğunu öz vücuduyla hiss etmişdi. O çox yaxşı bilirdi ki, kasıbçılıq və yoxsulluq dözülməsi nə qədər çətin olan bir vəziyyətdir(DİQQƏT).

İndi isə Əbu Hureyrənin fəqirlik yaşadığını bilməklə yanaşı bəyan ediməsi vacib və maraqlı olan digər bir həqiqətə toxunmaq istəyirik. Bu həqiqət də tarixi fakt və gerçəklikdir ki, Zəhəbi də ona işarə etmişdi. Yenə də onun yazdığına və tarixçilərin ittifaqına əsasən, Əbu Hureyrə Peyğəmbərdən (s) sonra varlanmağa başladı. Onun mal-mülkünün sayı artdı və get-gedə maddi rifah səviyyəsi yüksəldi. İş o yerə çatdı ki, siyasi hakimlər onu etimad edərək əmirliyə seçdilər və bir vaxtlar fəqir halda yaşadığı Mədinə şəhərinə rəhbər kimi göndərdilər. Həmin vaxt Əbu Hureyrənin mal və əmlakı o həddə çoxalmışdı ki, bir zamanlar nökərçilik etdiyi binti-Ğəzvanı belə özüylə evlənməyə çətinlik çəkmədən razı sala bilmişdi. Bu faktı da bildikdən sonra bir-birinə bağlı olan 2 sual vermək istəyirik:

I) Görəsən, necə oldu ki, Peyğəmbər (s) dönəmində aclıq və səfalət içində yaşayan bir insan o həzrətin (s) vəfatından sonra nəzərə çarpan dərəcədə varlandı?

II) Maraqlıdır ki, siyasi hakimlərin Əbu Hureyrədə olan hansı cəhətlər (xüsusilə də əməvi sülaləsinin) xoşuna gəlmiş və onların nəzərini məhz bu şəxsə cəlb etmişdi?

Birinci sualın cavabında qısa olsun deyə böyük əhli-sünnə və qrammatika (ərəb dilçiliyi) alimi olan Zəməxşərinin rəvayət etdiyi bir faktı göstərmək istəyirik. Onun bildirdiyi rəvayətin məzmunu bundan ibarətdir:

"Ömər ibn Xəttab Əbu Hureyrəni Bəhreynə göndərdikdən bir neçə vaxt sonra onu yanına çağırır. Onu gördüyü işlərə görə, daha doğrusu, şəxsi əmlakını artırdığına görə tənqid edir. Sözünə başlarkən ona- "ey Allah və rəsulunun düşməni”- deyə müraciət edir. Əbu Hureyrənin izahlarına və həmin malların ona camaat tərəfindən hədiyyə verildiyinə dair etirafları ilə xəlifəni özünə inandırmağa çalışmasına baxmayaraq vəziyyət dəyişmir. Xəlifə ondan 10 min dirhəm miqdarında pul alıb beytul-mala qatır.”[2]

İkinci xəlifə ilə məşhur səhabə arasında baş vermiş ixtilaflara qarşıdakı hissələrdə bir qədər geniş surətdə toxunacağıq, amma, burada qeyd olunan rəvayət Əbu Hureyrənin məhz mal və mülk tapması üzündən xəlifə ilə münaqişəsinə işarə edirdi. Məsələ çox aydındır və zənnimizcə, əlavə heç bir şərhə ehtiyac yoxdur. Məhz aclıq və yoxsulluq dönəmində yaranmış, eyni zamanda da kifayət qədər böyüyüb inkişaf etmiş nəfsi hərislik idi ki, Əbu Hureyrənin o qədər mala sahib çıxmasına səbəb olmuşdu. Hətta o qədər malın hədiyyə olduğuna biz, xəlifədən fərqli davranaraq inansaq belə, yenə də bir sualı düşünmədən keçmək olmur: axı bir zamanlar Allah rəsuluna (s) verilən sədəqə və hədiyyələr hesabına həyatını davam etdirən bu səhabə nəyə görə Bəhreyndə vali olduğu vaxt həmin günləri yaddan çıxardı?!

İrəli sürdüyümüz ikinci sualın cavabında isə əhli-sünnə dünyasının ən böyük hədis alimi olan Buxarinin[3]öz səhihində qeyd etdiyi hədisin məzmunundakı mühüm bir nöqtəyə dəlil olaraq söykənmək istəyirik. Xüsusi söhbət açacağımız Əbu Hureyrənin əməvi rəhbərləri ilə münasibəti bölməsində də bu hədisdəki incə və ürəkağrıdan nöqtəyə qayıdacağıq. Hədis belədir:

"Əbu Hureyrə dedi: Peyğəmbər buyurmuşdu:

"Ən yaxşı sədəqə odur ki, özündən sonra sərvət qoyasan. Üstdə olan əl, altda olan əldən yaxşıdır. Gərək öz nəzərin altında olan adamlardan başlayasan...” (Bəziləri təəccüb edib) dedilər: Ey Əbu Hureyrə! Bunu Peyğəmbərdən eşitmisənmi?! O dedi: Yox, bu Əbu Hureyrənin kisəsindəndir.[4]

Necə də ürkyandırıcıdır. Gözlərini təəssüb bağlamamış hər bir düşüncəli insan üçün yalnız bu hədis kifayətdir ki, Əbu Hureyrənin həqiqi şəxsiyyətini tanısın və hansı səbəbdən siyasi rəhbərlərə yaxın olduğunu başa düşsün (DİQQƏT). Sözünə "Peyğəmbər buyurmuşdur” deyə başlayan bu məşhur səhabə dediyi sözlərin təəccübə səbəb olduğunu və ona qarşı köklü etirazlara səbəb olacaq "bunu Peyğəmbərdən eşitmisənmi” sualını eşitdikdə hədisin düzəlmə olduğunu etiraf edir. Deyəsən, heç özü də hiss etmədən qəribə bir söz işlədir və o sözlərin (hədisin) Əbu Hureyrənin kisəsindən olduğunu dilə gətirir. Məhz bu kisə idi ki, əməvi hakimlərin marağını ona yönləndirmişdi və ey kaş hər kəs biləydi ki, bu kisə hədis aləminin başına nə oyunlar gətirdi!!! Yalançı hədislərin yaranması və inkişaf etməsində bu kisənin rolu bütün düşüncəli və tarixdən xəbardar insanlara məlumdur.

 Müəllif: Rza Əliyev



[1] "Təzkirətul-huffaz” 1-ci cild, səh 34.

 

 

[2] "Əl-faiqu fi ğəribil-hədis vəl-əsər” səh 32.

[3] Əbu Abdullah Muhəmməd ibn İsmail Buxari hicrətin 194-cü ilində Buxara şəhərinə yaxın olan bir kənddə dünyaya göz açdı. Sonradan əhli-sünnə dünyasının ən əzəmətli hədis aliminə çevriləcək bu insanın uşaq vaxtlarından hafizliyə və elm öyrənməyə maraq göstərdiyini yazıblar. Əhməd ibn Hənbəl və bu kimi bir çox böyük əhli-sünnə alimlərindən dərs almaq üçün Buxarinin çoxlu şəhərlərə səfər etdiyi bildirilir. O, elmini artırmaq üçün Şam, Misir, Bəsrə, Xorasan və Bağdada səfərlər edib. Deyilənə görə son dərəcə güclü hafizəsi olduğu halda Buxari ömrü boyunca hədis əzbərləyib elm öyrənmək üçün etdiyi səfərlərin sayını yaddan çıxarmışdı. Əhli-sünnənin bir neçə böyük hədis alimi onun tələbəsi hesab edilir. Onlara misal olaraq Muslim ibn Həccacı, Tirmizini, Nəsai və İbn Quteybəni göstərmək mümkündür. Sünnə mənbələrinin əksər alimləri Buxarini şiddətli təriflərlə yad etmiş və onun səhihini islam aləminin Qurani-Kərimdən sonra ən dəyərli ikinci kitabı kimi tanıtdırmışlar. Onun son dərəcə zəkalı və iti hafizəyə malik olduğunu bildirmişlər. Buxarinin dediyinə görə o, "əl-camius-səhih” adlı əsərini (səhih-buxarini) 16 il ərzində 600000 hədisin içərisindən seçərək tərtib etmişdir. Guya o, hər bir hədisi bu kitaba yazmamışdan öncə qüsl edib iki rəkət namaz qılarmış və sonra həmin hədisi məşhur səhihinə əlavə edərmiş. Çox qəribədir ki, belə güclü hafizəyə, dərin təhqiqata və kifayət qədər ehtiyata sahib olan Buxari nəyə görə öz səhihində sənəd baxımından misilsiz təvatürə söykənən "Qədir” hədisini ("Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”) gətirməyib. Onlarla səhabənin nəql etdiyi bu hədisi saysız-hesabsız səfərlərdə olmuş Buxari, görəsən, heç eşitməmişdi və ya ehtiyatı güclü olduğundan bu hədisi yazmağa cürət etməmişdi? Bu barədə onun haqqında heç cürə hüsn-zənn etmək olmur, amma, düzünü uca Allah bilir. Əhli-sünnə dünyasının böyük hədis alimi hicrətin 256-cı ilində dünyasını dəyişdi.

[4] "Səhih-Buxari” kitabun-nəfəqat; babu-vucubin-nəfaqati aləl-əhli vəl-iyal; hədis 5355

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))