Shia.az SonUmidTv media
sitename

"Nə çox hədis danışırsan” tənəsi:

Məşhur səhabənin dediyi sözlərə və nəql etdiyi bəzi hədislərə görə müəyyən səhabələr tərəfindən etirazlarla qarşılaşdığını kitabımızın Əbu Hureyrəyə dair ümumi məlumatlar hissəsində qeyd etmişdik. Kisə hədisi misalında bu etirazlardan birini özünüz də oxudunuz. Belə ki, Əbu Hureyrə"bunu Peyğəmbərdən eşitmisənmi?”sualının(etirazının) cavabında "xeyr, bu Əbu Hureyrənin öz kisəsindəndir” deyə qarşılıq verir. Sözsüz ki, dinləyicilər Əbu Hureyrənin sözünə birmənalı şəkildə inansaydılar ona bu sualı verməzdilər. Soruşan insanların agahlığı və şübhəsi pis nəticə verə bilərdi deyə bu məşhur səhabə də gerçəkliyi gizlətmir. Buna əsasən Əbu Hureyrənin cavabı da göstərir ki, ona verilən sual etiraz xarakterli olmuşdur. Bu məlum hədis ona edilmiş etirazlardan yalnız birini bizə nəql edib.

Bir-iki hədisə də toxunmaqla bəyan etmək istəyəciyik ki, həqiqətən pişiklər atası kimi tanınan səhabəyə vaxtilə çox səhabələr şəkk edərək öz etirazlarını bildirmişlər. Görəsən adını çəkəcəyimiz Aişə xanım Əbu Hureyrəyə şəkk edirdisə və o, bu əməliylə günah etmiş olmurdusa, bəs biz niyə bu səhabəni saf-çürük etdiyimiz zaman sünni qardaşlarımız tərəfindən qınanırıq? Yəni bu əməl Aişə xanım üçün caiz idi, amma bizim üçün icazəli deyil? Müstəqil düşüncə sahibləri bu əqidəni qəbul edərlərmi? Sünni qardaşlarımızın buna dair Qurani-Kərimdən bircə dənə dəlili vardırmı? Sualları uzatmadan Zəhəbinin nəql etmiş olduğu hadisəyə keçək. Zəhəbi özünün "Siyəri-əlamun-nubəla” kitabını 2-ci cildinin 604-cü səhifəsində belə yazır:

" İshaq ibn Səid öz atasından nəql edir ki, bir gün Əbu Hureyrə Aişənin yanına gəlir və Aişə ona deyir: "Ay Əbu Hureyrə, peyğəmbərdən çox hədis nəql edirsən”. O isə Aişənin cavabında deyir:”Bəli ey anacan and olsun Allaha ki, məni hədis söyləməkdən nə qadın, nə də sürmə saxlaya bilmədi, həmçinin yağ da(qadınların istifadə etdikləri krem nəzərdə tutulur) məni məşğul etmədi”(o, bu sözüylə Aişə xanıma işarə edirdi).

Bu hadisəni digər əhli-sünnə alimi İbn Əsakir özünün tarix kitabının 19-cu cildinin 121-ci səhifəsində qeyd etmişdir. Eyni zamanda İbn Teymiyyənin məşhur tələbələrindən olmuş İbn Kəsir də bu hədisi özünün "əl-bidayə” kitabının 8-ci cildinin 106-cı səhifəsində nəql etmişdir. Lakin, daha geniş şəkildə bu hadisəni Hakim Nişapuri gətirmişdir. Hakim "Müstədrək” kitabının 3-cü cildinin 509-cu səhifəsində isnadını səhih adlandırdığı bu hədisdəki Aişə xanımın sözlərini aşağıdaki kimi nəql edir:

"(Əbu Hureyrəyə deyərkən) O nə hədislərdir ki, Peyğəmbərin adından söylədiyin bizə çatır. Sən bizim eşitdiklərimizdən əlavə bir şey eşitmisənmi? Sən bizim görmədiklərimizdən əlavə bir şey görmüsənmi?”

Əziz oxucular, Aişə xanımın sözlərindəki qəzəb və tənə aşkar şəkildə hiss olunur. Hətta insafsız davranıb qəzəbi qəbul etməsək belə bu sözlərdəki etimadsızlıq və inamsızlığı inkar edə bilmərik. Əgər Əbu Hureyrə əmin və inanılmış bir səhabə idisə, Aişə xanım niyə görə ona belə suallar verməyə məcbur qalmalı idi? Niyə görə Əbu Hureyrəni heç kimin və hətta Peyğəmbər ailəsinin də eşitmədiyi hədisləri danışmaqda qınamalı idi? Bütün səhabələrin ədalətinə inanmağı özlərinə mütləq əqidə seçmiş əhli-sünnə qardaşlarımız Aişə xanımın Əbu Hureyrəyə, yəni Peyğəmbərimizdən ən çox hədis nəql şəxsə(təbii ki, müvafiq məzhəbin kitablarında) inanmamasını necə izah edəcəklər? Görəsən gətirəcəkləri dəlilə bənzər sözlər düşüncəli insanlar üçün keçərli olacaqmı? İndi isə Aişə xanımla Əbu Hureyrənin sözlərinin əks olduğu bir hadisəyə toxunaq. Bu hədisdə maraqlı olan digər məqam məşhur səhabənin özünü necə və hansı üslubla müdafiə etməsidir ki, bu səbəbdən də oxuculardan hadisəni diqqətlə oxumalarını xahiş edirik. 3-cü hicri əsrinin hörmətli əhli-sünnə alimi olmuş İbn Quteybə[1]"Təvilu-muxtəlifil-hədis” kitabının 1-ci cildinin 22-ci səhifəsində belə yazır:

"Əbu Hureyrədən nəql olunur:(o deyir) "Hər kim cunub halında oyansa onun üçün həmin gün oruc yoxdur.” Bu məsələnin düz olub-olmadığını öyrənmək üçün Mərvan, Aişə və Həfzə xanıma xəbər verib soruşur ki, bu məsələ necədir. Onlar cavab verirlər ki, "Peyğəmbər yuxudan cunub halda oyanırdı və həmin gün oruc tuturdu”. Mərvan öz elçisinə deyir ki, Əbu Hureyrənin yanına get və ona bu məsələni öyrət. Elçi hadisəni Əbu Hureyrəyə dedikdən sonra o belə bildirir ki, bu məsələni mənə Fəzl ibn Abbas danışıb və bununla da Əbu Hureyrə özünə ölmüş adamı şahid tutur. Camaat elə hesab edirdi ki, Əbu Hureyrə bunu Peyğəmbərdən eşidib, halbuki, həqiqət bunun əksinə idi.”

İbn Quteybənin nəql etdiyi bu hadisədə bəzi nöqtələr vardır ki, onlara toxunmadan keçmək olmur. Gördüyünüz kimi Əbu Hureyrənin sözünün səhf olduğunu aşkar edən Aişə və Həfzə xanım idi. Yəni bu sözügedən məsələdə(sübh vaxtı yuxudan cunub oyanıb oruc tutmaq) Əbu Hureyrə, şübhəsiz ki, Peyğəmbər zövcələrindən daha elmli ola bilməzdi. Belə məsələyə daha yaxşı bələd olmağın səbəbi isə hamıya məlumdur. Bir insanın sübhə hansı halda oyanıb nə etdiyini, sözsüz ki, bir evdə qaldığı zövcəsindən daha düz bilməyi kim bacarar? Odur ki, Əbu Hureyrə mübahisəyə daxil olmur, halbuki, Zəhəbinin nəql etdiyi rəvayətdə siz də oxudunuz ki, Aişənin etiraz dolu suallarına Əbu hureyrə cavab verməkdən qalmamışdı. Lakin, burada və bu məsələdə mübahisə etməyin heç bir əsası ola bilməzdi. Əbu Hureyrə də söhbəti uzatmır və məsələni ört-basdır etmək istəyir. Ancaq o, bu işi görmək üçün hansı yolu seçir. Dəhşət məhz işin burasındadır ki, o, bu hədisi Fəzl ibn Abbas adlı həmin zaman dünyada olmayan şəxsdən eşitdiyini söyləyir. Artıq bir söz söyləməyə ehtiyac yoxdur, onsuz da təfəkkür əhli olan insanlara hər şey gün kimi aydındır. Məhz Əbu Hureyrənin belə davranış və xüsusiyyətləri idi ki, digərlərində və həmçinin Aişə xanımda da ona qarşı şübhələr oyatmışdı. Daha doğrusu şübhə yox, inamsızlıq və qəzəb... Qəribə olan digər cəhət isə budur ki, Əbu Hureyrənin səhfini ortaya çıxaran onun öz siyasi əməkdaşı olan Mərvan ibn Həkəm idi. Məsələyə tərəddüd edib Peyğəmbər(s) zövcələrinin yanına elçi göndərərək sual verən və həqiqəti bilmək istəyən şəxs başqası deyil, məhz Mərvan idi. Öncəki hissələrdə Mərvanla Əbu Hureyrənin isti münasibətindən söz açmışdıq. Deməli, Əbu Hureyrəyə nəinki digərləri hətta öz dostu belə inanmırdı. Başqa nə cür olmalıydı ki? Zatən Əbu Hureyrəyə muzd verərək yalan hədislər danışmasına səbəb olan elə həmin əməvi hakimləri və həmin Mərvanın əməkdaşları idi.

Bu bəhsin sonunda qeyd etmək istərdik ki, Əbu Hureyrəyə və onun sözlərinin düz olmasına inanan səhabələrin adlarını gətirməyi istəsək heç də çox insanın ismi zikr olunmayacaq. Çünki, ondan əsas etibarı ilə bir qrup tabeinlər və bəzi səhabələr hədis nəql etmişlər ki, onların kimliyini də tək-tək araşdırası olsaq əməvi sülaləsinə yaxın biriləri olduqları bilinəcəkdir. Təbii ki, bəzi istisnaların olması da mümkündür, lakin çoxluq hakim dairələrə yaxın şəxslər idi. Məlum həqiqət olan Əbu Hureyrə və əməvilərin yaxın münasibətlərini bilən və məşhur səhabənin çox şeyi hədis şəklinə salıb danışdığını başa düşən Qureyşdən bir adam təzə paltarını əyninə geyərək Əbu Hureyrənin yanına gəlmiş və ona belə demişdi: "Ey Əbu Hureyrə,sən Peyğəmbərdən çox hədis rəvayət edirsən. De görüm, onun mənim bu paltarım haqqında nəsə dediyini eşitməmisən?”.Gülməli sualdır. Çünki sual verən şəxsin müxatəbi özünü bu hala salmışdı! Bəli, Əbu Hureyrə gülüş obyekti idi. Bunu biz də görə bilərik və bunu anlamaq üçün o zamanda yaşamağa ehtiyac yoxdur. Əgər məşhur səhabənin nəql etdiyi hədislərin bəzilərinə baxsaq, biz də o zamanki insanlar kimi gülərik. Qarşıda Əbu Hüreyrənin gülməli hədislərindən birinə toxunacağıq.

Müəllif: Rza Əliyev

[1] Abdullah ibn Muslim ibn Quteybə (İbn Quteybə), hicri 3-cü əsrin önəmli elmi şəxsiyyətlərindən biri olmuşdur (h.q 213-276, miladi 828-889). O, müxtəlif mövzularda qələmə aldığı əsərlərindəki əhatəli şəkildə bəyan etmə və araşdırma səviyyəsi ilə öz elmi ağırlığını hiss etdirən şöhrətli bir alimdir. İbn Quteybə, Quran və hədislə yanaşı ədəbiyyat, şer və tarix elmləri ilə də dərindən maraqlanmış və apardığı təhqiqlərin nəticələrini öz əsərlərində qeyd etmişdir. Əsərləri incələndiyi zaman onun dil, nəhv, fiqh, fəlsəfə və məntiq əlmləri ilə də məşğul olduğu aşkar edilir. İbn Quteybənin etiqadi görüşlərinin əhli-sünnət məktəbinin formalaşmasında əhəmiyyətli dərəcədə rolu olmuşdur. Xətib Bağdadi öz tarix kitabında(səh. 168) və İbn Teymiyyə də "Surətul-ixlas” kitabında(səh. 86) İbn Quteybəni 3-cü əsrin böyük əhli-sünnət xətibi kimi tanıtdırıblar. Hətta İbn Teymiyyə onun haqqında "İbn Quteybə Əhməd ibn Hənbəl və İshaq ibn Rəhaveyh(əhli-sünnət məktəbinin rəhbərlərindən olub) yoluyla gedirdi” deyərək İbn Quteybəni tərif etmişdir. Onun "Təvilu muşkilil Quran”, "Təvilu muxtəlifil hədis” və bu kimi kitabları təhlil olunduğu zaman etiqadi görüşlərində İbn Quteybənin əhli-sünnət məzhəbinin güclü müdafiəçisi olduğu rahatlıqla müşahidə edilir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))