Shia.az SonUmidTv media
sitename

Əbu Hureyrə gülməli insan idi

Əziz oxucular, hədis tarixində nəql etmiş olduğu rəvayətlərin sayına görə bənzərsiz biri olan məşhur səhabənin barəsində yazdığımız bu kiçik kitabın yekun hissəsindən öncə söhbətimizin mövzusunu təşkil etmiş Əbu Hureyrə şəxsiyyətinin maraqlı cəhətlərindən daha birinə, bəlkə də ən maraqlısına toxunmaq istəyirik. Əməvi hakimlərinin yaratdığı süni qəhrəmanlıq obrazı olmuş Əbu Hureyrə bəzən elə şeylər danışırdı ki, ağıllı insanın o sözlərə inanması heç cür mümkün olmurdu. Danışdığı mənasız söhbətlərə görə ona öz zamanında da tənə vuranlar olmuşdu və biz bunlardan birinə işarə etdik. İndi isə onun uydurduğu hədislərdən birinə toxunaq. Əhli-sünnə aləmindəki mühəddislərin zirvəsində dayanan Buxari öz səhihinin 7031-ci hədisində Əbu Hureyrədən nəql edir ki, (bu sözlərdən uca Allaha pənah aparırıq) həzrəti Süleyman(ə) bir gecədə 60-dan çox qadınla cima edibmiş. Müslim də bu hədisi öz səhihində gətirmiş və qadınların sayını 60 dənə olduğunu göstərmişdir. Biz ən az miqdarı götürək. Zatən təəssübkeş olmayan hər bir insana altmış deyil, hətta bundan üç dəfə az olan iyirmi rəqəmi belə dəhşətli görünür. Düzdür ki, Əbu Hureyrə bu fantastikanı danışdığı zaman məqsədi "inşallah” kəlməsini insanlara təbliğ etmək idi, amma, ehtimal olunan saf niyyət nəyi dəyişir ki? Yəni, pişiklər atasının niyyəti təmiz idi deyə danışdığı yalana göz yumaq və Süleyman(ə) kimi pak insanın haqqını zay edəkmi?! Görəsən, Əbu Hureyrə özü nəql etdiyi bu rəvayətə inanırdımı? Axı necə ola bilər ki, bir kişi bir gecənin içində altmış qadınla cinsi əlaqəyə girməyi bacarsın? Buna nə fiziki qüvvə, nə də zaman darlığı imkan verə bilməz. Ümumiyyətlə, məsələni təhlilə qoymağa ehtiyac yoxdur. Söhbəti eşitdikləri zaman insanların ilk göstərdiyi reaksiya ağıllı bir fərdə kifayət edir. Üstəlik sözü gedən rəvayətdə həzrəti Süleymanın bilərəkdən və ilahi mələk ona xəbərdarlıq etməsinə baxmayaraq "inşallah” kəlməsini deməməsi də qeyd olunmuşdur ki, bu da növbəti bir iftiradır. Uca Allahın Öz kitabında "gözəl bəndə” olaraq yad etdiyi bir insanın bu qədər qəflət edə biləcəyi yalnız israiliyyat kitablarında gələn rəvayətlərdə tapıla bilərdi. Bəli, Əbu Hureyrə də o kitablardan xəbərdar idi və Kəbul-əhbarla da gözəl əlaqəyə sahib idi. Nəticə etibarı ilə belə söhbətin başqası tərəfindən deyil, məhz Əbu Hureyrə tərəfindən danışılması təəcüblü bir şey ola bilməzdi. Həm təhrif olunmuş tövratdan xəbərdarlığı, həm də özünə məxsus kisəsi olduğunu nəzərə aldığımız zaman əlavə izaha ehtiyac qalmır. Həqiqət həmişə zahirdə olmuşdur. Bircə haqqı görmək istəyən qəlb gözü bağlanmamış olsun ki, bu hal sahibinin kor və kar olmasına səbəbdir.

Əbu Hureyrənin gülməli rəvayətləri Süleyman peyğəmbərin yalançı əhvalatı ilə bitmir. Əksinə o qədər uydurma hadisələr Əbu Hureyrə tərəfindən nəql olunmuşdur ki, təəssübkeş olmayan insanda suallar doğurur. Tək-tək o rəvayətlərə toxunmaq mövzunun uzanmasına səbəb olacaq deyə ümumi şəkildə onlara işarə edirik. Bəzi yerlərdə Əbu Hureyrə həzrəti Musa haqqında danışıb deyir ki, guya Musa(ə) cənab Əzraili tanımamış və ona elə bir zərbə vurmuşdur ki nəticədə ilahi mələyin bir gözü kor olmuşdu. Başqa yerdə isə Əbu Hureyrə deyir ki, Musa(ə) bir su kənarına gəlib yuyunmaq istədiyi zaman qövmü onu izləyir və o paltarlarını bir daşın üzərinə qoyur. Daş hərəkətə gəlir və qaçır. Musa(ə) daşı təqib edir və ona çatdığı vaxt qəzəblə bir neçə dəfə onu vurur. Bütün bunlar Musanın(ə) cinsi cəhətdən sağlam biri olduğu qövmünə sabit olsun deyə baş verirmiş. Sanki bir peyğəmbərin cinsi çatışmamazlığı onun nübuvvətinin batil olmasına səbəb olacaq və buna görə də insanları inandırmaq üçün bu yekəlikdə nağıl danışmaq lazım idi. Əbu Hureyrə də atalarımız demişkən, qaşı düzəltmək istədiyi zaman vurub gözü çıxardır. Ay nə bilim ilahi nəbi olan biri çılpaq soyunur və camaat ona baxdığı halda Musanın(ə) xəbəri olmur. Sonradan da daş qaçır və peyğəmbər də düşür onun dalınca. Bütün bunlar az imiş kimi şüursuz bir əşyaya qəzəblənir və onu bir neçə dəfə əsəbi halda vurur. Sözsüz ki, mənasız və əsası olmayan bir mətləbi sübut etmək üçün uydurulan bu böyüklükdə yalanlardan Allaha pənah aparırıq. Bəzən Əbu Hureyrə hakim dairənin nümayəndələrinə tam sərf edən bir rəvayət uydurur və deyirdi ki, Allah rəsulu həzrəti Muhəmməd də(s) dua etdiyi zaman özünün səhf edə biləcəyini, bilmədən günahsız kimisi vurub döyməsinin və ya təhqir etməsinin mümkünlüyünü etiraf edibmiş. Bu sözləri demək və eşitmək, sadəcə dəhşətdir. Sanki "qələm surəsi4-cü ayəsi(Həqiqətən, sən böyük əxlaq sahibisən)” peyğəmbərin(s) barəsində nazil olmamışdır. Əlbəttə ulul-əzm və şəriət sahibi olan Musa(ə) haqqında o cür sözlər uyduran şəxs, həzrəti Muhəmməd(s) barədə də bənzər sözlər danışa bilərdi. Bizim məqsədimiz isə nə o rəvayətləri toplamaq və nə də onları təhlil etmək deyildi, biz yalnız və yalnız düşünən insanlara həqiqətləri göstərmək üçün kiçicik işarə etmək istəyirdik. Çalışdıq ki, bu kiçik işarəni sizə kamil şəkildə çatdıraq. İndi isə siz də düşünün və nəticə alın.

Müəllif: Rza Əliyev

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))