Shia.az SonUmidTv media
sitename

Salam əziz dostlar. Sosial şəbəkələrdə yayılan bəzi iftira və qarayaxmalara cavab olaraq bir neçə video rolik hazırlamağı özümüzə borc bildik. 
Bildiyiniz kimi, müsəlmanlar arasında ixtilaf yaradan düşmənlər tarix boyu hər zaman müsəlmanların vəhdətini pozmağa, onları zəiflətmək üçün ixtilaf yaratmaq, məzhəb qarşıdurmasını qızışdırmaq və sünni şiə müharibəsi yaratmağa çalışıblar. Bunu əvvəllər öz casusları vasitəsi ilə, sonralar isə özlərinin yaratdıqları radikal quplar vasitəsilə həyata keçiriblər. Əvvəlcə bütün müsəlmanların dini və milli dəyərlərini hədəfə alan bu radikal düşmənlər sonradan onların qanını, malını və namuslarını özlərinə halal edib onları terror edirlər. Bütün dünya İraq və Suriya hadisələrində bunun şahidi oldu. Təəssüflər olsun ki, bu təhlükə xalqımızdan da yan keçmədi. Müsəlamanları terror edib, öldürməklə məşğul olan, onların ölkələrini və şəhərlərini viran qoyan, onları öz yurd-yuvalarından qaçmağa məcbur edən, əhli sünnə vəl-cəmaət adı altında fəaliyyət göstərən, əslində isə əhlisünnə ilə heç bir əlaqəsi olmayan   terrorçu-radikal qruplaşması son vaxtlar Peyğəmbər (s) Əhlibeytinə (ə) bağlı olan Azərbaycan xalqının dini və milli dəyərlərini hədəfə almış, yalan, iftira və qarayaxma kompaniyasına start vermişdir. Bu iftiralardan biri budur: güya ki, şiələr  Quranın təhrif olunmasına inanırlar! Heç bir əsası olmadan bunu uydurma rəvayətlərdən çıxarıb şiənin adına yazmaq istəyirlər. Təki şiələr bütün müsəlmanların gözündən düşsün və onlarda şiələrə qarşı nifrət olsun. 
Bu ağ yalan və iftiraya cavab olaraq şiənin Qurani-Kərim barəsindəki nəzərini siz əzizlərə təqdim edirik:
 Böyük şiə alimləri Quranın təhrif olunmadığı qənaətindədirlər. Belə ki, onlar hazırkı Quranın heç bir artım və azalma baş vermədən Peyğəmbərə (s) nazil olunan Quran olduğunu qəbul edirlər.
Burada şiə məzhəbinin dayaqları və qələmə aldıqları əsərlər bu məzhəbin əqidəsi hesab olunan bir neçə alimin görüşlərini qısa şəkildə diqqətinizə çatdıracağıq. Lakin oncə bir məsələyə diqqət yetirməyi zəruri hesab edirik.

1.Bir çox Quran elmləri ilə bağlı kitablarda Quranın təhrif olunması nəzəriyyəsini Əhli-sünnənin “Həşəviyyə” qoluna aid etdikləri kimi, Şiə məzhəbinin də “Əxbari” qoluna aid etdikləri nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, “Vəsailüş-Şiə” kitabının müəllifi, Şeyx Hürr Amili kimi bir çox əxbari alimlər Quranın təhrif olunmadığı fikrində olmuş, hətta bu haqda elmi əsər belə yazmışlar. Deməli, əxbari olmaq heç də Quranın təhrif olunması qənaətində olmaq deyil. 
İndi isə görkəmli şiə alimlərinin görüşlərinə nəzər salaq:

1.Hicrətin üçüncü əsrində böyük şiə tədqiqatçılarından olmuş Fəzl ibn Şazan “İzah” əsərində Quranın təhrif olunduğunu inkar edərək, təhrif barəsində mövcud olan rəvayətlərin nəql olunmasının digər firqələrə aid olduğunu bildirmişdir. 

2.Hicrətin dördüncü əsrində şiə aləminin elmi simalarından olan, Şeyx Səduq kimi tanınan Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babəveyh Qumi “Etiqadlar” adlı elmi əsərində yazır:
“Bizim Quran haqqında əqidəmiz belədir: 
Hazırkı Quran eynilə Peyğəmbərə (s) nazil olan Qurandır. Ona heç bir şey artırılmamışdır. Kimsə bizi hazırkı Quranın azaldılmasına əqidə bəsləməkdə ittiham etsə, yalançıdır”. 

3.Dahi şiə fəqihi Seyid Mürtəza Ələmül-huda kimi tanınan Əli ibn Hüseyn Musəvi “Tərablosiyyat”  məsələlərinin cavabında yazır: 
“Quranın təhrif olunmadığını bilmək, şəhərləri tanımaq, məşhur tarixi olayların həqiqətə uyğunluğunu bilmək kimi bir şeydir. Onların həqiqətə uyğunluğunu tam əminliklə bildiyimiz kimi, Quranın təhrif olunmadığına da qəti şəkildə əminik. Çünki müsəlmanlar Quranın qorunmasına daim hədsiz səy göstərmişlər. Quran Peyğəmbər (s) dönəmində tam şəkildə tənzimlənmişdir. Belə ki, o həzrət Quranın qorunması üçün Übəy ibn K`əb və digər bir neçə nəfərdən ibarət heyət yaratdı və Quranı dəfələrlə tam şəkildə onlar üçün oxudu”. 
Seyid Mürtəza sözünə davam edərək yazir:
“Şiələrdən (əxbarilər) və ya Əhli-sünnənin “Həşəviyyə” qolundan bu fikirlə razılaşmayıb ona qarşı çıxanlarla razılaşmaq olmaz. Çünki onların dəlil kimi göstərdikləri, bir neçə səhih (düzgün) hesab etdikləri zəif rəvayətdir.  (Məcməul-bəyan, c. 1, səh. 15.)

4.Şeyxut-taifə Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi bu haqda yazır:
“Quran kimi dəyərli bir kitabın azaldılıb-çoxaldılmasından söhbət etmək bu kitaba hörmətsizlikdir. Çünki ona bir şeyin artırılmadığı haqda yekdil rəy mövcuddur. Bir şeyin azaldılmasını da müsəlman məzhəbləri qəbul etmirlər. Bu, ilk növbədə şiə alimlərinin fikirləri və səhih (düzgün) rəvayətlərin məzmunu ilə üst-üstə düşür. Qurandan bir neçə ayənin çıxarıldığını göstərən şiə və əhli-sünnə rəvayətləri “xəbəri-vahid” olduğu üçün onlara əsaslanıb əmin ola bilmərik. Buna görə də onlara əsaslanmaq düzgün deyil”.  Tibyan kitabının giriş sözü.

5.Böyük təfsirçı alim “Məcməul-bəyan” əsərinin müəllifi Əbu Əli Fəzl ibn Həsən Təbərsi öz təfsirinin müqəddiməsində yazır:
“Qurana bu və ya digər ayənin artırılması şiələrin yekdil rəyinə görə düzgün deyil. Hər hansı bir ayənin azaldılmasını isə şiələrin bir neçəsi (yəni bəzi əxbarilər) və Əhli-sünnənin “Həşəviyyə” qolu nəql etmişdir. Lakin şiələr bunun əksini qəbul edirlər.

6.Seyid ibn Tavus yazır:
“Şiə məzhəbi Quranın təhrif olunmadığı qənaətindədir”.  Sədus-süud, səh. 144.
Digər bir yerdə yazır: 
“Hazırkı Quranın Peyğəmbərə (s) nazil olunan Quran olduğuna, o həzrətin Quranı bir yerə toplamasına inandıqları bir halda, mədinəlilərlə məkkəlilərin, kufəlilərlə bəsrəlilərin fikir ayrılıqlarından danışanlara, “بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴾ ﴿ (Bismillahir-Rəhmanir-Rəhim) ayəsi Quranın bir hissəsidir, amma surədən deyil” - deyə fikirləşənlərə təəccüb edirəm. Təəccüblüdür ki, əqlin və şəriətin təsdiq etdiyi kimi Quran mütləq şəkildə təhrif olunmayıbsa, belə bir fikri necə irəli sürürlər”.    Həmin qaynaq, səh. 193.

7.Molla Möhsün Feyz Kaşani yazır:
“Təhrifi təsdiqləyən hədislər Allahın kitabı ilə ziddiyyət təşkil edir. Bu kimi hədislər ya rədd edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”.  Təfsire-Safi, c. 1, səh.15.

8.Şeyx Tusi kimi tanınan Məhəmməd Bəhauddin Amuli Quran haqqında yazır:
“Düzgün fikir Quranın mütləq şəkildə təhrif olunmamasıdır. Xalq arasında dillərə düşmüş, Əlinin (ə) adının bəzi ayələrdən çıxarılması, misal üçün, guya, Maidə surəsinin 67 - ci ayəsi olan ( Ey Rəsul Rəbbin tərəfindən sənə nazil olanı insanlara çatdır) ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿ ayəsinin əslində   ( Ey Rəsul, Əli barəsində Rəbbin tərəfindən sənə nazil olanı insanlara çatdır) formasında            في علي ﴾ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ ﴿ olması fikrini şiə alimləri qəbul etmirlər”.  Alaur-rəhman, səh. 26.

9.“Vəsailüş-şiə” kimi mühüm bir hədis kitabının müəllifi Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli Quranın təhrif olunmadığını sübuta yetirmək məqsədi ilə qələmə aldığı elmi əsərdə yazır: 
“Tarixdən və məsum imamlardan (ə) nəql olunan rəvayətləri dəqiq araşdıran hər bir şəxs Quranın minlərlə səhabə tərəfindən təsdiqləndiyinə və Peyğəmbər (s) dönəmində tam şəkildə toplanaraq tərtib edildiyinə əmin olar”.  İzharul-həqq, c. 2, səh. 129.

10. Nadir şiə fəqihlərindən olan Şeyx Cəfər Kaşifül-ğita dəyərli “Kəşfül-ğita” əsərində yazır:
“Müsəlmanların yekdil rəyinə, din və məzhəb prinsiplərinə görə, Qurana bir şey əlavə edilməmiş, Quranın öz buyuruğuna və bütün alimlərin yekdil rəyinə görə, ondan heç bir şey çıxarılmamışdır. Bu məsələdə qarşı tərəfin nadir versiyasına əsaslanmaq olmaz”.
 
Muasir dövrun böyük alimləri olan Əllamə Təbatəbainin Ayətullah Xoinin və İmam Xomeyninin qəti  nəzərləri də budur ki Quran təhrif olunmayib.
Bütün bunlar böyük şiə alimlərinin görüşlərindən nümunələrdir. Onlardan yadigar qalmış yazılı əsərlərdən aydın görünür ki, Quranın təhrif olunması versiyası yanlış versiyadır. Belə ki, bu versiyanın yanlışlığı özlüyündə aydın olan, təkzibedilməz müddəadır. Bir neçə nəfərin öz kitabında zəif rəvayətlərə yer verməsi bütöv bir məzhəbin əqidəsini təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini şiə alimlərinə necə aid etmək olar? Bu ittiham haramlığı aydın olan iftira deyilmi? Öz etiqadını, həmişəyaşar fikirlərini Qurandan alan bir topluma bu kimi iftiranı necə yaxmaq olar? Ey İslam aləmini parçalamaq istəyən qüvvələrin maşaları! Bu yalan və böhtanlarla xalqımızı aldada bilməzsiniz, çünki, xalqımız sizin çirkin üzünü çoxdan görüb! Siz yalanlarınızı uydurun, biz də sizi ifşa etməkdə davam edərik!
Əziz izləyicilər,
Muasir Şiə fəqihlərinin də nəzərlərini yeni bir vidoda siz əzizlərə təqdim edəcəyik!
Haqq yoluna tabe olanlara salam olsun!
Abunə ol  https://www.youtube.com/channel/UC1A8Udv7IesXpSuBTrW_FrA?sub_confirmation=1
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))