Shia.az SonUmidTv media
sitename

YuxununŞərhi

Şeyx Mufid Əbu Abdullah Məhəmməd ibn əl Nüman əl Harisi əl Bağdadi, İbnul müəllim ləqəbi ilə tanınmışdır.

Hicri qəməri ilinin təxminən 336-cı ilində Ukbəra şəhərində anadan olmuş və 413-cü ilində dünyasını dəyişmişdir. Onun cənazəsinin vida mərasimində səksən min gözü yaşlı insan iştirak etmişdir. Şagirdi Şərif Murtəza Əli ibn Hüseyn əl Musəvi Bağdadın baş meydanında ona meyit namazı qılmışdır. Meydan, genişliyinə baxmayaraq, bu qədər insan kütləsinə darlıq edirdi. Əvvəlcə Bağdadda öz evində dəfn olunmuş sonra isə qəbri Əl Kazimiyyə məntəqəsindəki Qureyş məqbərisinə köçürülmüşdür. Hal hazırda onun qəbri İmam Cavdın (ə) ayaqları tərəfində və ustadı Əbulqasim Cəfər ibn Məhəmməd ibn Quləveyh əl Qumminin yanındadır.

Şeyx Mufid atasının yanında boya-başa çatmışdır. Atası haqqında onun yalnız Vasit şəhərində müəllim olmasından başqa bir məlumat yoxdur.

Uşaqlıq illərini başa vurub yazı və oxunu öyrənən Mufid atası ilə birlikdə elm ocağı hesab olunan Bağdada köçür.

Tezliklə Cəl adı ilə tanınmış Çeyx Əbu Abdullah Hüseyn ibn Əlinin dərslərində iştirak etməyə başlayır. Sonra Əbu Yasir Ğulam Əbul Ceyşin yanında dərs alır. Dərs aldığı əsnada Əbu Yasir ona məşhur Kəlam[1]alimi Əli ibn İsa ək Rummani əl Mötəzilinin yanında dərs almağı tövsiyə edir.

Şeyx Mufid həmin alimlə ilk görüşünü belə vəsf edir: "...Məclisə daxil oldum. Gördüm ki, məclis elm əhli ilə doludur. Bir kənarda əyləşdim. İzdiham azaldıqca mən də həmin alimə yaxın əyləşirdim. Bu zaman bir nəfər içəri daxil oldu... Onların arsındakı söhbət uzanırdı. O kişi Əli ibn İsaya belə dedi:

-Qədir Xum və Mağara ayəsi[2]haqqında rəyin nədir?

-Mağara ayəsinə gəlincə, onu deməliyəm ki, bu ayə həqiqət, lakin Qədir Xum rəvayəti isə sadəcə ehtimal olunan bir hadisədir. Rəvayət həqiqət qədər insana yəqinlik gətirməz.

Həmin adam cavabı alandan sonra məclisi tərk etdi.

Mən ustada belə dedim:

-Şeyx, bir sualım var.

-De gəlsin,-dedi

-Adil İmamı öldürən şəxs haqqında rəyin nədir?

-Kafirdir... Bir az dayanıb, - fasiqdir, - dedi:

-Möminlərin ağası, Əli ibn Əbu Talib haqqında rəyin nədir?

-İmamdır

-Bəs, Cəməl döyüşü və Təlhə ilə Zübeyr haqqında rəyin nədir?

-O ki, qaldı Təlhə və Zübeyrə, tövbə etmişlər.

-Cəməl döyüşü həqiqətdir, lakin bu iki nəfərin tövbəsi rəvayətdir,- dedim.

-Bir az bundan əvvəl gələn adamın söhbətini eşitdinmi?

-Bəli, eşitdim. Rəvayətə rəvayət, həqiqətə həqiqət!

-Adın nədir? Ustadın kimdir?

-İbnul müəllim kimi tanınıram və ustadım da Şeyx Əbu Abdullah əl Cəldir.

-Bir qədər gözlə,- deyərək, içəri otağa daxil olub əlində bir kağız parçası ilə xaric oldu. Kağızı mənə verib dedi:

-Bunu ustadına verərsən.

Mən ustadımın hüzuruna gəlib məktubu ona təqdim etdim. Məktubu oxuyub gülməyə başladı. Üzünü mənə tutub dedi:

-Səninlə onun arasında nə baş vermişdir? Məktubda sənə olduqca qayğı və diqqət göstərməyimi tövsiyyə edir. Və sənə "mufid” (fayda verən) ləqəbi vermişdir.

Mən də öz növbəmdə baş verən hadisəni ona danışdım.

Beləcə, bu cavan Bağdadda təhsilinə başladı. Elm naminə bütün vaxtını sərf edib əlindən gələni

əsirgəmədi. Beləliklə, bütün bunların nəticəsində elm dühalarının arasında öz adını böyük hərlərlə yazdı. Avtobioqrafiya kitablarında bu böyük alimin ustadlarının sayı 56 nəfər qeyd edilmişdir. Onun şagirdləri sırasında isə İslamın böyük alimləri, o cümlədən, Şərif Rəzi (Məhəmməd ibn Hüseyn), Şərif Murtaza (Əli ibn Hüseyn), Səllar ibn Əbduləziz əl Deyləmi, Məhəmməd ibn Əli əl Kəracəki, Əhməd ibn Əli əl Nəcaşi, Şeyx Tusi (Məhəmməd ibn Həsən), Məhəmməd ibn Həsən ibn Həmzə əl Cəfəri və digərləri də vardır.

Şeyx Mufidin yaşadığı dövr Abbasilər xilafətinin zəiflələdiyi və Bağdadda Buveyhilərin hakimiyyətə gəlməsi dövrünə təsadüf edir. Buveyhilərin şiə olması həmin dövrdə şiəlik məzhəbinin daha da möhkəmlənməsinə səbəb oldu. Buna görə də Şeyx Mufidin hörməti getdikcə artmağa başladı. Hətta onun evinə gəlib ziyarət edər və xəstə olarkən görüşünə tələsərdilər. Lakin bütün bunlara baxmayaraq, məzhəbi çaxnaşmalara yol verməməkdən ötrü hakim dairələr Şeyx Mufidi iki dəfə Bağdad şəhərindən uzaqlaşdırmağa məcbur oldular. Birincisi hicrətin 393-cü ilində baş verdi. Buna səbəb Bağdad şəhərində baş verən çaxnaşma idi. Şəhərdə sünnü və şiə şüarlarının yayılması qadağan olundu.

İkinci isə hicrətin 398-ci ilində baş verdi. Buna isə Rəcəb ayının 10-unda Kərx camaatı ilə alimləri arasında baş verən çaxnaşma səbəb oldu.

Şeyx Mufidin bariz elmi fəaliyyəti onun adının dillər əzbəri olmasına səbəb oldu. Tarix kitablarının səhifələri onun adı və həyatı haqqındakı yazılarla bəzənirdi. Tarixçilər onu belə vəsf edirlər: "Bu Şeyx arıq bədən quruluşlu, qarabuğdayı, çoxlu sədəqə verən, təvazökar, çoxlu namaz qılıb oruc tutan, gözəl geyinən, zahid və elm divanəsi idi. Gecələr olduqca az yatardı. Sonra oyanıb ya namaz qılar, ya mütaliə edər, ya da ki, Quran oxuyardı.”

Şeyx Mufid özündən sonra İslam aləminə 195 irili xırdalı elmi əsər qoyub getmişdir.

Yuxuda baş verən hadisələr, hər nə olursa olsun, onların bəzisi həqiqi və düzgün ola bilər; belə ki, əhli beytdən varid olan hədislərdə buna işarə olunmuşdur. Daha düzgün desək, yuxuların bəzisi peyğəmbərliyin bir hissəsi hesab olunur. Buna baxmayaraq, yuxu özü-özlüyündə elmin hər hansı bir sahəsində istinad oluna bilən bir sahə deyildir. Lakin, bunanla belə, bəzən müstəqil bir dəlili təşkil etmək iqtidarında olduğuna görə yuxuların məzmunu dəqiq və mətin ola bilər. Bəzən də yuxu insanın gün ərzində ayıq vaxtı fikirlərinin, çalışdığı və gördüyü işlərin təcəllisi ola bilər. Belə olan halda, bu kimi yuxuların təhqiq edilmədən inkar edilməsi düzgün deyildir. Əksinə, bu kimi yuxular öyrənilməli, təhqiq olunmalı və yuxunu təşkil edən dəlillərin nə dərəcədə həqiqətə uyğun gəlməsi araşdırılmalıdır. Şeyx Mufidin gördüyü yuxu da, özündə nizamla təşkil olunmuş elmi dəlilləri əhatə etdiyinə görə, elə bu kimi yuxulardandır.

Şeyx Mufidin gördüyü yuxu "Mağara ayəsi” nin (Tövbə surəsi, 40-cı ayə)[3]mənası haqqındadır. Belə ki, əhli sünnət alimləri bu ayənin Əbu Bəkr ibn Əbu Quhafənin fəziləti haqqında nazil olmasını iddia edirlər. Çünki bu ayə nazil olarkən Əbu Bəkr peyğəmbərlə mağarada olmuşdur. Şeyx Mufid əvvəlcə əhli sünnət alimlərinin dəlillərini qeyd etmiş sonra isə bir-bir onlara cavab verərək batil etmişdir. Bu yuxu göstərir ki, dəlillər əvvəlcədən Şeyx Mufidin zehnində o qədər möhkəm yer tutmuşdur ki, hətta yuxuda belə onlardan ayrılmamışdır. Və bu da həmin dəlillərin nə qədər mətin olduğuna işarədir. Çünki veriləcək cavablar əsasən Quran ayələri və hədislərdən ibarətdir. Belə olan halda, artıq yuxunun dəlil kimi qəbul olunub olunmamasından söhbət gedə bilməz, çünki dəlillər göz qabağındadır.

Şeyx Əbul Həsən Əli ibn Məhəmməd ibn Bənan rəvayət edir ki, Şeyx Mufid belə nəql etmişdir: "Yuxuda gördüm ki, bir neçə küçədən sovuşaraq gedirəm. Birdən bir qrup insanların dairə şəklində toplaşdığını gördüm. Şoruşdum ki, bu nədir? Dedilər ki, bir kişi camaata xütbə edir. Onun kim olduğunu şoruşanda dedilər ki, bu, Ömər ibn əl Xəttabdır. İzdihamı yararaq söhbət edənə yaxınlaşdım. Gördüm ki, bir kişi camaata nəsə danışır. Onun dediklərini başa düşə bilmədim və sözünü kəsib soruşdum: "Quran ayəsini (...Onlar mağarda olduqları zaman o iki nəfərdən ikinci (şəxs) idi...) dostun, Əbu Bəkr ibn Əbu Quhafənin fəzilətinə dəlalət etməsi haqqında nə deyə bilərsən?

Cavabında belə dedi: "Bu ayədə 6 nöqtə qeyd edilmişdir:

Birinci nöqtə: Allah təala peyğəmbəri xatırlamış sonra isə Əbu Bəkri ikinci şəxs qərar verib birlikdə qeyd edərək buyurmuşdur: "... O iki nəfərdən ikinci (şəxs) idi...”

Ikinci nöqtə: Allah təala onların aralarında olan ünsiyyətə görə bir məkanda cəm olduqlarını qeyd edərək buyurmuşdur: "... Onlar mağarada olduqları zaman...”

Üçüncü nöqtə: Allah təala onları malik olduqları rütbəyə əsasən cəm edib Əbu Bəkri peyğəmbərə həmsöhbət qərar vermişdir. Qurani Kərim belə buyurur: "... Özhəmsöhbətinə belə dedi...”

Dördüncü nöqtə: Allah təala Əbu Bəkrin peyğəmbər yanında olan məqamına işarə edərək peyğəmbərin ona göstərdiyi rəhmət və şəfqətdən xəbər verərək buyurur: "... Qəm yemə!...”

Beşinci nöqtə: Allah təala xəbər verir ki, onların hər ikisinə eyni səviyyədə yardımçı olub müdafiə edəcəkdir. Belə ki, Qurani Kərim buyurur: "... Allah bizimlədir!...”

Altıncı nöqtə: Allah təala xəbər verir ki, "səkinə” (ruhi səbat və yəqin) Əbu Bəkrə nazil olmuşdur. O ki, qaldı peyğəmbərə, ruhi səbat və yəqinlik heç vaxt ondan ayrılmamışdır. Qurani Kərim buyurur: "... Beləcə, Allah” səkinəni” (ruhi səbat və yəqini) ona nazil etdi...”

Beləliklə, Mağara ayəsindəki bu altı nöqtə Əbu Bəkrin fəzilətinə dəlalət edir. Buna görə də nə sən, nə də başqası dəlillərin müqabilində bir söz deyə bilməz.”

Mən ona dedim: "Artıq dəlillərini dedin və başqasının əlavə edəcək bir şeyi unutmadın, lakin Allahın köməyi ilə sənin dediklərini "tufanlı gündə şiddətlə əsən külək müqabilindəki kül kimi”[4]edəcəyəm!

Birinci nöqtəyə gəlincə, onu demək olar ki, Allah təala Əbu Bəkri ikinci şəxs qərar verdiyi zaman yalnız və yalnız mağarada olanların sayını qeyd edərək iki nəfər olduqlarını xəbər vermişdir. Canıma and olsun ki, doğrudan da iki nəfər idilər! (Məgər bu fəzilətdirmi?!) Məlumdur ki, mömin və kafir birlikdə iki nəfərdirlər. (Həmçinin, mömin şəxs başqa bir möminlə iki nəfər sayılır) Elə isə, sənin dediyin iki rəqəmində Əbu Bəkr üçün bir fəzilət yoxdur!

İkinci nöqtəyə gəlincə, onu deməliyəm ki, bu, elə birinci nöqtə kimidir. Peyğəmbərlə Əbu Bəkrin bir məkanda cəm olması olduqca adi bir şeydir. Çünki hər hansı bir məkanda möminlər və kafirlər cəm ola bilər! Peyğəmbər məscidi mağaradan daha üstün və şərəflidir, lakin Allah təala Qurani Kərimdə buyurur: "Kafirlərə nə olub ki, sağdan və soldan dəstə-dəstə (cənnət arzusu ilə) boyunlarını uzadaraq qarşına gəlirlər?!” (Əl Məaric surəsi, 36 və 37-ci ayələr) Həmçinin, Nuhun gəmisində həm nuh peyğəmbər, həm şeytan, həm də heyvanlar bir məkanda cəm olmuşdular. Beləcə, dediyin iki fəzilət puç oldu!

Üçüncü nöqtəyə gəlincə isə, bu, əvvəlki iki nöqtədən daha zəif və əsassızdır. Çünki həmsöhbət kəliməsi mömin və kafir haqqında da işlədilə bilər. Belə ki, Allah təala Qurani Kərimdə buyurur: " (Mömin Qiyamət gününü inkar edən) həmsöhbətinə onunla söhbət edən zaman belə dedi: " Sən torpaqdan, sonra isə nütfədən, sonra isə kamil bir insan yaradıb xəlq edənə necə küfr etdinmi?!” (Əl Kəhf surəsi, 37-ci ayə) Bundan əlavə, qeyd etmək lazımdır ki, həmsöhbət kəliməsi insan və heyvan haqqında da işlədilə bilər. Buna ərəb dilində misal gətirmək olar. Çünki Qurani Kərim bu dildə nazil olmuşdur. Allah təala belə buyurur: " Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik...” (İbrahim surəsi, 4-cü ayə) Ərəblər öz şerlərində uzunqulaq və qılınc barəsində həmsöhbət kəliməsi işlətmişdir. Əgər həmsöhbət kəliməsi həm insan, həm heyvan, həm də cansız əşya haqqında işlədilmişdirsə onda hansı fəzilətdən söhbət gedə bilər. Yəni, yalnız kiminləsə həmsöhbət olmaq fəzilət sayılması üçün kifayət deyildir!

O ki, qaldı dördüncü nöqtəyə, onu deməliyəm ki, "Qəm yemə!” ifadəsi yasaq mənasındadır. Bu da yasağın yönəldiyi şəxsin nöqsanına və onun hər hansı bir xətaya yol verməsinə işarədir. "Qəm yemə!” ifadəsi yasaq mənasını verdiyi üçün Əbu Bəkrin gördüyü iş ya itaət, ya da ki, günah olmalıdır. Əgər itaət olarsa onda belə çıxır ki, peyğəmbər Əbu Bəkrə itaəti yasaq etmişdir. Bu da mümkün deyil! Çünki peyğəmbər itaəti yasaq etməz! Deməli, Əbu Bəkrin gördüyü iş günah olmuşdur! Çünki, Qurani Kərim özü işarə edir ki, peyğəmbər bu işi ona yasaq etmişdir!

Beşinci nöqtəyə gəlincə isə, qeyd etməliyəm ki, peyğəmbərin "Allah bizimlədir” sözü Allahın yalnız onunla (peyğəmbərlə) olmasından xəbər verir. Peyğəmbər tək olmasına baxmayaraq öz sözünü cəm halında ifadə etmişdir. Bu, ərəb dilində geniş yayılmış bir fenomendir. Qurani Kərimdə Allah təala dəfələrlə Özü haqqında cəm forması işlətmiş və ayələrin birində belə buyurmuşdur: "Biz Zikri (Quranı) nazil etmiş və biz də onu qoruyacayıq.” (Əl Hicr surəsi, 9-cu ayə) Bunun müqabilində başqa bir ehtimal da vardır. Əbu Bəkr peyğəmbərə belə deyir: "Ey Allahın rəsulu, sənin qardaşın Əli ibn Əbu Talibin başına gələ bilən hadisəyə qəmlənirəm.” Peyğəmbər də onun cavabında belə buyurur: "Qəm yemə! Allah bizimlədir (yəni mənimlə və qardaşım Əli ibn Əbu Taliblə)”

Axırıncı nöqtəyə gəlincə isə, əgər iddia edirsən ki, "səkinə” Əbu Bəkrə nazil olmuşdur, onda bu, tamamilə küfürdür! Çünki, "səkinə” nazil olan, elə həmin insandır ki, Allah təala onu görünməz ordu ilə dəstəkləmişdir! Bu barədə Qurani Kərim belə buyurur: "... Allah "səkinə”ni (ruhi səbat və yəqini) ona nazil edib görünməz ordu ilə dəstəklədi...” Əgər "səkinə” Əbu Bəkrə nazil olubsa, deməli, o, görünməz ordu sahibidir. Və hər kim belə iddia edersə peyğəmbəri peyğəmbərlikdən çıxarmış olur!!! Əgər susub bu sözləri dostun Əbu Bəkr haqqında deməsəydin daha yaxşı olardı! Çünki Allah təala "səkinə”ni peyğəmbərə iki yerdə nazil etmiş və həmin yerdə peyğəmbərlə birlikdə möminlər də olmuşdur. Allah təala möminləri də bu fəzilətə şərik etmişdir! Belə ki, o yerlərdən birində buyurur: "Sonra "səkinə”ni peyğəmbərə və möminlərə nazil edib sizin görə bilmədiyiniz ordunu endirdi...” (Əl Tövbə surəsi, 26-cı ayə) digərində isə belə buyurmuşdur: "... Allah "səkinə”ni öz peyğəmbərinə və möminlərə nazil edib onlara həqiqi təqvanı vacib etdi...(Əl Fəth surəsi, 26-cı ayə)

Beləliklə mağarada tək olduğu üçün Allah təala "səkinə”ni yalnız ona məxsus etmişdir! Əgər orada peyğəmbərlə birlikdə mömin olsaydı, onu da "səkinə”də peyğəmbərə şərik edərdi! Belə ki, bundan əvvəl iki ayədə möminləri də "səkinə”də şərik qərar vermişdir. Deməli, Əbu Bəkrin "səkinə”dən çıxarılması onun möminlikdən çıxarılmasına işarədir!

Şeyx Mufid sözünə davam edərək dedi: "Bu sözlərdən özünə gələ bilməyən Ömər cavab verə bilmədi. Beləcə izdiham dağıldı və mən də yuxudan oyandım.”

 

Hacı Heydər Məhəmmədov

 



[1] İdeologiya haqqında bəhs edən elm

[2] Bu, Əl Tövbə surəsinin 4-cü ayəsinə işarədir. Bu ayə haqqında aşağıda bəhs olunacaq

[3] Əgər siz ona (peyğəmbərə) kömək etməsəniz, onda, həqiqətən, Allah peyğəmbərə, kafirlər onu (Məkkədən) çıxartdığı zaman yardım edəcəkdir. Onlar mağarada olduqları zaman o iki nəfərdən ikinci (şəxs) idi. Öz həmsöhbətinə belə dedi: "Qəm yemə! Allah bizimlədir!” Beləcə, Allah "səkinəni” ruhi səbat və yəqin) ona nazil edib görünməz ordu ilə dəstəklədi...

[4] Bu ifadə Ibrahim surəsi, 18-ci ayədən götürülmüşdür. Həmni ayədə Allah təala kafirlərin əməllərini tufanlı gündə şiddətlə əsən küləyin müqabilində külə bənzərdir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))